“Qafqaz florasının nadir bitkiləri” mövzusunda sərgi
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağında (MNB) “Elm günü”nə həsr olunmuş “Qafqaz florasının nadir bitkiləri” mövzusunda elmi-maarifləndirici sərgi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanda son illərdə nadir bitki növlərinin tədqiqi ilə bağlı məlumatları və bu sahədə elmi nailiyyətləri ictimaiyyətə çatdırmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə açan MNB-nin direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev Qafqaz florasının zənginliyi və onun flora müxtəlifliyinin öyrənilməsində Mərkəzi Nəbatat Bağının rolundan və əldə olunan nailiyyətlərdən danışıb.
İnstitutun direktoru, akademik Validə Əlizadə bu sahədə aparılan işlərin vacibliyini qeyd edərək, müasir dünyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən, yeni yanaşma üsullarından danışıb, ölkəmizin flora zənginliyinin mühafizəsinin vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən digər qonaqlar sərginin əhəmiyyətindən, son illər ölkəmizdə biomüxtəlifliyin qorunması sahəsində əldə olunan uğurlardan danışıblar.
Sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla və nadir bitkilərin toplandığı kolleksiya sahələri ilə tanış olublar.