SİYASƏT
QAFQAZ LAYİHƏSİNİN YEKUN SEMİNARI
Tbilisi Siyasi Araşdırmalar Məktəbinin (TSAM) 2001-ci ilin iyunundan həyata keçirdiyi Qafqaz layihəsinin Tbilisidə yekun seminarı olmuşdur. TSAM, Avropa Şurası, Avropa Komissiyası, Soros Fondu - Şərq-Qərb proqramı, NATO-nun İnformasiya və Mətbuat Ofisi və Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Tbilisi seminarında Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın gənc siyasətçiləri, jurnalistləri, hakimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə ABŞ-ın və Almaniyanın Gürcüstandakı səfirləri, bir sıra ölkələrin tanınmış ekspertləri iştirak etmişlər.
Seminarda Qafqaz regionunda vahid demokratik təhlükəsizliyin və vahid demokratik məkanın formalaşdırılması, vətəndaş cəmiyyəti və demokratik təsisatlar yaradılması ilə bağlı aktual məsələlər və digər problemlər müzakirə olunmuşdur.
Seminarda Azərbaycandan Prezidentin İcra Aparatının məsul işçisi Fuad Axundov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Aqşin Əliyev, Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov və başqaları çıxış edərək, Qafqazdakı münaqişələrdən və bu qanlı münaqişələrin regionun inkişafına böyük əngəl törətdiyindən və xalqların dinc həyatını və təhlükəsizliyini pozduğundan danışdılar. Onlar artıq 14 ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən və hər iki ölkəyə çox böyük zərər vurduğundan, minlərlə insanın qaçqın-köçkün vəziyyətinə düşməsindən və əzab-əziyyət çəkməsindən söhbət açdı və Azərbaycan Prezidenti Heydər Əliyevin bu münaqişənin yalnız dincliklə, danışıqlar vasitəsilə aradan qaldırılması üçün var qüvvə ilə çalışdığını, yorulmadan səy göstərdiyini xüsusi qeyd etdilər. Azərbaycan nümayəndələri ölkəmizdə vətəndaş cəmiyyəti qurulması, qanunun aliliyinin və insan hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində görülən tədbirlər barədə də məlumat verdilər.
Tədbir başa çatdıqdan sonra iştirakçılar seminarın yekun hissəsində iştirak etmək üçün Fransanın Strasburq şəhərinə getdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi