ELM VƏ TƏHSİL
“Qafqaz sivilizasiyasının başlanğıcında. Azərbaycanın neoliti. Birinci kitab: Şomutəpə” tədqiqat əsəri rus dilində nəşr edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun müəllifi olduğu “Qafqaz sivilizasiyasının başlanğıcında. Azərbaycanın neoliti. Birinci kitab: Şomutəpə” adlı tədqiqat əsəri rus dilində nəşr edilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Şomutəpə neolit məskəni elmi dairələrdə onun ilkin tədqiqatçısı olmuş mərhum arxeoloq, tarix elmləri doktoru İdeal Nərimanovun nəşr edilmiş tədqiqat işlərində yalnız bir neçə nümunə ilə tanınırdı. Tufan Axundovun yeni tədqiqatı isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda 50 ildən artıq bir dövr ərzində saxlanılan və Şomutəpə neolit məskənindən aşkar edilmiş arxeoloji materiallar kolleksiyasını bütün tamlığı ilə elmi dövriyyəyə daxil edir.
Müəllifin yazdığına görə, əsərin əsas məqsədlərindən biri Azərbaycan, Qafqaz və dünyanın neolit abidələrini tədqiq edən mütəxəssislər üçün Şomutəpə materialları ilə tanış olmağa, onlar barədə tam müstəqil fikir yürüdülməsinə imkanın yaradılmasıdır.
Kitabda Azərbaycan arxeoloqlarının uzun illər boyu bu qədim yaşayış məskənində apardıqları tədqiqat nəticəsində əldə olunmuş tapıntılar ilk dəfə olaraq tam təsnif edilmiş, kataloq şəklində ölkəmizin, dünya akademik elmi çevrələrinin və geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.
Əsərdə Şomutəpədə aparılmış tədqiqatlar barədə qısa məlumat verilmiş, abidədən toplanmış materiallar kateqoriyalar üzrə qruplaşdırılmış və təsnif edilmiş, hər bir əşyanın rəngli fotosu, bir qisminin isə qrafik rəsmləri əks olunmuşdur. Nəşr “Qafqaz sivilizasiyasının başlanğıcında. Azərbaycanın neoliti” ümumi başlığı altında hazırlanan bir neçə kitabın yalnız birincisidir. Hazırda “Qarabağ neolit abidələri. Birinci cild”in ikinci kitab çapa hazırlıq mərhələsindədir.
Tədqiqat əsəri artıq Azərbaycan və dünya arxeoloqları arasında ciddi marağa səbəb olmuşdur.
T. Axundovun göstərilən əsəri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurası tərəfindən nəşrə tövsiyə edilmişdir.