“QAFQAZDA HEYDƏR ƏLİYEVƏ HƏLƏ BEŞ İL DƏ EHTİYAC VAR”
Milli siyasət məsələləri üzrə dövlət müşaviri H.Orucov bu il iyun ayının 18-19-da Vyanada ATƏT tərəfindən keçirilən “Antisemitizmə qarşı” mövzusunda konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş və respublikada etno-siyasi duruma, eyni zamanda yəhudilərin vəziyyətinə dair məruzə ilə çıxış etmişdir. Tədbirdən sonra H.Orucov kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir. Avstriyanın ən böyük məlumat agentliyi olan APA-nın mətbuat konfransı barədə yaydığı informasiyada göstərilir ki, Azərbaycanda etnik azlıqların hüquqları Konstitusiya, həmçinin təhsil, dini etiqad azadlığı və s. haqda qanunlarla təsbit olunur. “Azərbaycanda milli azlıqlar heç vaxt ayrıseçkiliyə məruz qalmamışlar” – deyə Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucov ATƏT-in “Antisemitizmə qarşı” mövzusunda keçirilən konfransında bunu bəyan etdiyini bildirdi. ”Bundan fərqli olaraq qonşu Ermənistan monoetnik respublikaya çevrilmişdir”. Azərbaycana aid olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasından bəhs edən Dövlət müşaviri birdirdi ki, Azərbaycan Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlardan zorla qovulmuş bir milyonadək qaçqını öz ərazisində yerləşdirmişdir. Onlar arasında milli azlıqların nümayəndələri də var. SSRİ-nin çökməsindən və müstəqilliyin əldə olunmasından sonrakı vəziyyətdən söhbət açan Hidayət Orucov bildirdi ki, Azərbaycanda o vaxtdan bəri bir dənə də olsun rus məktəbi bağlanmayıb. Bakıda Rus Dövlət Dram Teatrı və digər teatrların rus truppaları fəaliyyətlərini davam etdirirlər. Müstəqillik dövründə respublikada Ləzgi Dövlət Teatrı fəaliyyətə başlayıb. Dövlət radiosunda ləzgi, talış, kürd, rus, erməni və başqa milli azlıqların dillərində proqramlar yayımlanır. Bütün bu dillərdə kitablar nəşr olunur. Milli azlıqların kompakt yaşadıqları ərazilərdə onların ana dilləri yerli məktəblərdə tədris edilir. Ermənistanda isə etno-siyasi vəziyyət tamamilə başqadır. Əvvəlcə bütün köhnə rus məktəbləri bağlanmış, sonra isə 9 yeni rus məktəbinin açılması qərara alınmışdır. Orada yaşayan rus hərbçiləri öz uşaqlarını bu məktəblərdə oxudurlar. Bakıda isə, əksinə, köhnə Rus dili və Ədəbiyyatı İnstitutu Slavyan Universitetinə çevrilmişdir. Yeni özəl ali və orta ixtisas məktəblərində də rus bölmələri vardır. Azərbaycanda yaşayan yəhudi azlığına dair verilmiş suala cavab verən H.Orucov bildirmişdir ki, ölkədə 30 min yəhudi yaşayır. Onlar bu Qafqaz ölkəsində 2600 ildən bəri məskunlaşmışlar. Azərbaycanda üç yəhudi dini icması və 20-dək qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. İki orta məktəbdə ivrit dili tədris olunur. Qafqazın ən böyük sinaqoqu Bakıda yerləşir. Azərbaycan İraqda beynəlxalq koalisiyanın apardığı əməliyyatları dəstəkləmişdir. “Azərbaycan hökuməti sülhməramlı koalisiya qüvvələri tərkibində qulluq etmək üçün 150 nəfər hərbçinin İraqa göndərilməsinə qərar vermişdir” – deyə H.Orucov İraq hadisələrinə münasibət bildirmişdir. Dövlət müşaviri bildirmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyev bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak edəcəkdir. H.Orucov demişdir: Prezident özünü indi yaxşı hiss edir və hər gün əvvəlki iş rejimi ilə öz vəzifəsini icra edir. “Heydər Əliyev öz ölkəsi və Qərb üçün çox böyük siyasi xadimdir. Qərb Heydər Əliyevi dəstəkləməlidir, çünki o, Qafqazda vəziyyətin sabitləşməsində mühüm rol oynayır”. H.Orucov daha sonra bildirmişdir ki, çoxmillətli Qafqaz regionunda vəziyyət digər regionlardan fərqlənir. “Qafqazda Heydər Əliyevə hələ beş il də ehtiyac var”. Hidayət Orucovun bildirdiyinə görə, prezident vəzifəsi uğrunda mübarizədə çoxlu sayda namizəd iştirak edəcəkdir. Dövlət müşaviri Heydər Əliyevin oğlu İlham Əliyevi bacarıqlı siyasətçi adlandırmışdır. Hermine Şrayberhuber (APA, Vyana)