“QALEREYA İDARƏETMƏSİNİN ƏSASLARI” MÖVZUSUNDA TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə Muzey Mərkəzində dövlət rəsm qalereyalarının direktorları ilə “Qalereya idarəetməsinin əsasları” mövzusunda treninq keçirilmişdir.
Treninqdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qalereyaların fəaliyyətini təhlil etmiş, onların qarşısında duran vəzifələrdən danışmışdır. O, həmçinin gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat vermiş, qalereyalarda nizam-intizamın daha da gücləndirilməsini, təşəbbüskarlığın artırılmasını tövsiyə etmişdir.
Respublikamızda fəaliyyət göstərən 34 dövlət rəsm qalereyasının və bədii sərgi salonları direktorlarının iştirak etdikləri treninqdə çıxışlar olmuş, ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqə üzrə təkliflər səslənmişdir.
Treninq iştirakçıları sonra Muzey Mərkəzinin Sərgi qalereyasında olmuşlar. Burada mərkəzin mütəxəssisi Əminə Məlikova qalereyanın fəaliyyəti, sərgilərin təşkili və ekspozisiya barədə məlumat vermişdir. Daha sonra treninq iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olmuş, burada müasir səviyyədə yenidən qurulmuş ekspozisiya ilə tanış olmuşlar.
Tədbirdə qalereyaların fəaliyyətinin yaxşılaşdırılmasına dair qaldırılan məsələlərlə bağlı irəli sürülən təkliflər ümumiləşdiriləcək və icrası üçün tədbirlər görüləcəkdir.