Qan təzyiqindən qorunmağın əsas yolu sakit və sağlam həyat tərzi sürməkdir
Bakı, 9 yanvar (AZƏRTAC). Qan təzyiqi bütün dünyada, eyni zamanda, Azərbaycanda insanların ən çox əziyyət çəkdikləri bir xəstəlikdir.
Təzyiqin yüksəlməsində psixo-emosional gərginlik başlıca rol oynayır. Sosial problemlər, avtomobil yollarında yaranan tıxaclar, təmiz havada gəzmək və istirahət etmək imkanlarının məhdud olması insanların sinir sistemini gərginləşdirir. Stress və mənfi emosiyalar isə öz növbəsində qanda təzyiqi artıran hormonları çoxaldır. Bu da sonda orqanizmdə ürək döyüntülərini artırır, damarları sıxır və təzyiqi yüksəldir.
Gündəlik stresslərlə yanaşı, qanda xolesterinin miqdarının artması da insanları bu xəstəliyə düçar edir. Bunu isə yaradan əsas səbəb oturaq həyat tərzi və piylənmədir.
Həkimlərin qənaətinə görə, yağlı ət, hisə verilmiş balıq, yumurtanın sarısı, mayonez, toyuğun dərisi və kərə yağı kimi qidalar qanda xolesterinin miqdarını artırır, damar divarlarında trombositlər əmələ gətirir. Nəticədə damarlar sıxılmaya məruz qalır, qan normal hərəkət etmir və miqdarı azalır. Tədricən qanın gedişi ləngiyir və ya dayanır. Yaranmış tromb nəticəsində ürəkdə infarkt, beyində insult əmələ gəlir. Bu durum xəstəni həyati təhlükə ilə üz-üzə qoyur.
Halbuki çoxlarının bəyənmədiyi qreçka (qarabaşaq), düyü, kələm, çuğundurun şirəsi, duzsuz şor, balqabaq, badımcan, yağsız qatıq və zeytun yağı kimi qidaların qanın xolesterindən təmizlənməsində böyük əhəmiyyəti vardır. Limonun üzərinə şəkər tozu töküb yemək də çox faydalıdır. Düzgün qidalar qəbul edildikdə orqanizm 10 faiz xolesterindən təmizlənir. Xolesterinin bədəndən təmizlənməsində düyü də məsləhətdir. Bu baxımdan, mərci, yulaf, turp, kök və sarımsaq da olduqca xeyirlidir.
Oturaq həyat tərzi keçirən insanlarda xolesterinin miqdarı hər zaman artıq olur. Ona görə də yeməkdən sonra hərəkət eləmək çox gərəklidir.
Qan təzyiqinin qarşısını almaq və ondan yaxa qurtarmaq üçün artıq çəkidən azad olmaq, alkoqoldan, siqaretdən imtina etmək də vacibdir. Hər gün sarımsaqla, balqabaq şirəsi ilə qidalanan adamlarda damarlar təmizlənməyə başlayır və kirəcləşmənin qarşısı alınır. 100 qram çuğundur şirəsinin 50 qram balla qarışdırılaraq gündə 3 dəfə qəbul edilməsi qan təzyiqini aşağı salır. Bundan başqa, 3 ədəd limonun üzərinə şəkər toxu səpilir və 6 gün saxlanılır. Bunun hamısını bir dəfəyə qəbul etmək lazımdır. Bu üsulla həm qan təzyiqini aşağı salmaq, həm də orqanizmi xolesterindən təmizləmək mümkündür.
Sarımsaq və limon ət maşınından keçirilərək 1 litr suda dəmlənilir. Yeməkdən yarım saat əvvəl bu qatışığı qəbul etmək də müsbət nəticə verir. Qan təzyiqini aşağı salmaq üçün xurma şirəsi də faydalıdır.
Bütün bunlarla yanaşı, təzyiqdən qorunmağın ən əsas yolu sakit və sağlam həyat tərzi sürməkdir. Təzyiqin normallaşması üçün insanlar vaxtında yatmalı, təmiz havada gəzməlidirlər. Qan təzyiqi problemi ilə üzləşən insanlar yatmamışdan əvvəl, bir-iki saat açıq havada olmalıdırlar.