Qanunsuz miqrasiyaya qarşı tədbirlər zamanı 102 əcnəbi saxlanılıb
Bakı, 24 aprel, AZƏRTAC
Ötən həftə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 1 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə, 2 nəfərin qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, 5 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 94 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilərdən 85 nəfər barəsində inzibati qərarlar verilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.