Qanvermə aksiyasında 100-dən çox xocavəndli məcburi köçkün iştirak edib
Beyləqan, 2 noyabr, AZƏRTAC
Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 105 nəfər qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada xocavəndli məcburi köçkünlər fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.