QARABAĞ CİNSLİ ATLARIN SƏRGİSİ KEÇİRİLMİŞDİR
Qarabağ Cins Atları Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, qurum Qarabağ cinsli atların sərgisini keçirmişdir.
Sərgidə Ağdam atçılıq zavodunda və “Günay” atçılıq təsərrüfatında bəslənən atlarla yanaşı, ayrı-ayrı şəxslərə məxsus atlar da nümayiş etdirilmişdir.
Münsiflər heyəti cinsin spesifik tələblərinə cavab verən göstəricilərə, atların düzgün bədən quruluşuna diqqət yetirmiş, mövcud nöqsanları elan etmişdir. Üstünlük Qarabağ cinsinə məxsus qızılı rəng çalarlarına verilmişdir. Münsiflər heyətinin yekdil rəyi ilə “Günay” atçılıq təsərrüfatına məxsus üçyaşlı “Qızıl oğlan-2” ləqəbli at çempion elan edilmişdir. “Günay”ın “Karabin” və “Qızıl oğlan-1” ləqəbli atları ikinci, Ağdam atçılıq zavodunun “Samur”, fərdi şəxsə məxsus “Sarab” ləqəbli atlar üçüncü yerə layiq görülmüşdür.
Qalib atçılıq təsərrüfatlarına pul mükafatları, diplomlar və fəxri fərmanlar təqdim edilmişdir. Təşkilatçıların rəyinə görə, belə tədbirlər Qarabağ cinsli atlara marağın artmasına xidmət edir.