“Qarabağ Telecom” mobil operatorunun qeyri-qanuni fəaliyyəti dayandırılacaqdır
Bakı, 26 iyun (AZƏRTAC). Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “Qarabağ Telecom” mobil operatoru qeyri-qanuni fəaliyyət göstərir. Bu mobil operator Qətərin “Vodafon” şirkəti ilə müqavilə bağlamışdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanda səfərdə olan Qətərin informasiya-kommunikasiya texnologiyaları üzrə Ali Şurasının baş direktoru xanım Hessa əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə səslənmişdir.
Nazir Ə.Abbasov Hessa əl-Cabirdən xahiş etmişdir ki, bu məsələyə yenidən baxılsın və müqavilə dayandırılsın.
Ə.Abbasov demişdir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) rəsmi şəkildə Qətər XİN-ə bu məsələ ilə bağlı müraciət etmişdir. İstərdim ki, bir həmkar kimi siz də bu məsələyə həssas yanaşasınız”.
Bununla bağlı əvvəlcədən məlumatının olmadığını deyən Hessa əl-Cabir qeyd etmişdir ki, ölkəsinə qayıdan kimi “Qarabağ Telecom”un qeyri-qanuni fəaliyyəti ilə maraqlanacaqdır. Bu məsələ həll olunacaqdır və “Qarabağ Telekom” mobil operatorunun qeyri-qanuni fəaliyyəti dayandırılacaqdır.