Qarabağ Universitetində ikili diplom proqramı: Xankəndidən İstanbula uzanan təhsil körpüsü VİDEO
Xankəndi, 27 iyul, AZƏRTAC
2026–2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramı həyata keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri Qarabağ Universitetində olub, burada tətbiq edilən yeniliklər və yeni təhsil proqramının üstünlükləri ilə bağlı reportaj hazırlayıb.
Bu proqram Azərbaycanda mühəndis təhsilinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və gənclərin dünya səviyyəli təhsil imkanlarına çıxışının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Eyni zamanda, proqram dövlətin ali təhsilin inkişafına, xüsusilə yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına verdiyi önəmin növbəti göstəricisi hesab olunur. Proqram Qarabağ Universitetinin Mühəndislik fakültəsində inşaat, elektrik, elektronika, mexanika və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr üç il Qarabağ Universitetində, sonuncu ili isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Proqramı uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.
Qarabağ Universitetinin İnşaat mühəndisliyi ixtisasının III kurs tələbəsi, Neftçalanın Xıllı qəsəbəsindən olan Günay Süleymanova universitetə qəbul olunan ilk tələbələrdən biridir. Hazırda o, təhsil aldığı universitetin mühəndislik korpusunun tikintisində təcrübəçi kimi çalışır. Onun sözlərinə görə, universiteti seçərkən müəyyən tərəddüdləri olsa da, burada əldə etdiyi nəzəri biliklər, praktik təcrübə və yaradılan müasir təhsil mühiti düzgün qərar verdiyini göstərib. Günay Süleymanova hesab edir ki, ikili diplom proqramı tələbələr üçün böyük fürsətdir. O, abituriyentlərə bu imkandan faydalanmağı tövsiyə edərək bildirib ki, bu proqram onlara həm beynəlxalq səviyyədə tanınan diplom, həm də geniş karyera imkanları qazandıracaq.
İkili diplom proqramı çərçivəsində tələbələrə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti dərs deyəcək. Tədris Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təşkil olunacaq, istehsalat təcrübəsi və yay məktəbi isə Türkiyədə keçiriləcək. Tələbələr təhsil müddətində real layihələr üzərində işləyərək layihələndirmə, istehsal və texnoloji proseslərin idarə olunması istiqamətində praktiki bacarıqlar əldə edəcəklər.

Layihənin direktoru Dilqəm Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, proqram sayəsində tələbələr həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin təhsil və maddi-texniki imkanlarından istifadə edə biləcəklər. Onun sözlərinə görə, gənc və dinamik akademik heyətə malik Qarabağ Universiteti ilə mühəndislik sahəsində zəngin ənənələri olan İstanbul Texniki Universiteti arasında qurulan əməkdaşlıq gələcəyin mühəndislərinə beynəlxalq standartlara uyğun təhsil almaq imkanı yaradacaq. Müsahibimiz qeyd edib ki, proqram çərçivəsində təhsil alan tələbələrin bütün təhsil və yaşayış xərcləri dövlət tərəfindən ödəniləcək.
Bu isə xüsusilə ali məktəb seçimi qarşısında olan abituriyentlər üçün mühüm üstünlük hesab olunur. Gənclər heç bir əlavə maliyyə yükü olmadan beynəlxalq səviyyəli təhsil almaq, xaricdə akademik və istehsalat təcrübəsi keçmək, iki universitetin diplomuna sahib olmaq və məzun olduqdan sonra əmək bazarında daha rəqabətqabiliyyətli mütəxəssis kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.
Yay tətili dövrü olmasına baxmayaraq, Qarabağ Universitetində yeni tədris ilinə hazırlıq işləri davam etdirilir. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin sözlərinə görə, 2026–2027-ci tədris ilində 49 ixtisas istiqaməti üzrə ümumilikdə 1403 plan yeri üzrə tələbə qəbulu nəzərdə tutulub. Bu məqsədlə akademik heyətin genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yeni laboratoriyaların qurulması və tələbə şəhərciyinin yeni tədris ilinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Bundan başqa, universitetdə “Açıq qapı” günləri təşkil olunacaq. Abituriyentlər və valideynlər universitetə gələrək təhsil imkanları, infrastruktur, laboratoriyalar və tələbə həyatı ilə yaxından tanış ola, professor-müəllim heyəti ilə görüşərək onları maraqlandıran suallara cavab tapa biləcəklər.

Qeyd edək ki, proqram çərçivəsində tədris ingilis dilində aparılacağı üçün tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili kursları təşkil ediləcək. Dördüncü kurs tələbələri təhsillərini İstanbulda dövlət proqramı çərçivəsində təqaüdlə davam etdirəcəklər.
Xatırladaq ki, bu cür beynəlxalq ikili diplom proqramları Azərbaycan gənclərinin dünya səviyyəsində rəqabət aparan mühəndislər kimi yetişməsinə, ölkənin sənaye və texnoloji inkişafına töhfə verməsinə xidmət edir. Dövlət tərəfindən yaradılan bu imkanlar isə ali təhsil almağa hazırlaşan abituriyentlər üçün mühəndislik sahəsində uğurlu gələcəyə açılan mühüm fürsətlərdən biridir. Proqramı uğurla başa vuran məzunlar həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomunu əldə edərək beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mühəndis kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.
Müxbir - Rəşad Türkoğlu