RƏSMİ XRONİKA
QARDAŞ XALQIN BAYRAMINA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV AŞQABADA YOLA DÜŞMÜŞDÜR
- Tarixən Azərbaycan ilə Türkmənistan arasında çox sıx əlaqələr olmuşdur. İndi müstəqil dövlət kimi bu əlaqələri daha da möhkəmləndirməyimizə ehtiyac var. Coğrafi baxımdan yaxınlığımız, milli keçmişimiz və və s. bunu tələb edir. Eyni zamanda bu səfər yaxşı bir imkandır. Bayram təntənələrində iştirak etmək üçün digər ölkələrin dövlət başçıları da gələcəkdir. Ümumi işlərimizlə, coğrafi-siyasi məsələlərlə bağlı onlarla görüşüb söhbət etməyə ehtiyac var. Bu məqsədlə də mən Türkmənistan Prezidenti Saparmurad Niyazovun dəvətini qəbul etmişəm və indi oraya səfərə gedirəm.
Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev, Ali Sovet sədrinin müavinləri, Baş nazirin müavinləri və başqa rəsmi şəxslər yola salmışlar.
Aşqabadın yenicə istifadəyə verilmiş Saparmurad Türkmənbaşı adına beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Türkmənistan parlamentinin sədri Səhhət Muradov qarşıladı. Heydər Əliyev onun şərəfinə düzülmüş fəxri qarovul sırasının önündən keçdi. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.
Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl, Pakistanın Baş naziri Bənəzir Bhutto, İran İslam Respublikasının Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani də Türkmənistanın istiqlaliyyət günü ilə əlaqədar şənliklərdə iştirak etmək üçün oktyabrın 26-da Aşqabada gəlmişlər.
Konsertdən sonra Türkmənistanın fəxri qonaqları - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl, Pakistanın Baş naziri Bənəzir Bhutto səhnəyə qalxaraq, qardaş xalqın bayram sevincinə şərik olduqlarını nümayiş etdirdilər.
Axşam isə Azərbaycan dövlətinin başçısı öz iqamətgahında Pakistanın Baş naziri Bənəzir Bhuttonu qəbul etdi. Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəlin iqamətgahına - “Qara altun” hotelinə gedərək, onunla görüşdü. Görüş mehribanlıq və səmimilik şəraitində keçdi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad