QAX MƏRKƏZİ RAYON XƏSTƏXANASI ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Qax, 29 yanvar (AZƏRTAC). Qax Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra yanvarın 29-da yenidən istifadəyə verilmişdir.
Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev, rayon rəhbərliyi, habelə xəstəxananın kollektivi iştirak etmişdir.
Nazir Oqtay Şirəliyev, rayon icra hakimiyyətinin başçısı Telman Quliyev və digər qonaqlar əvvəlcə xəstəxananın ayrı-ayrı şöbələrini gəzmiş, müalicə kabinetləri və palatalarda quraşdırılmış tibbi cihaz və aparatlarla, xəstələr və tibbi heyət üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
Məlumat verilmişdir ki, mərkəzi rayon xəstəxanası 1975-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə istifadəyə verilmişdir. Prezident İlham Əliyevin 2006-cı il 1 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, 2007-ci ildə mərkəzi rayon xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır.
Səhiyyə Nazirliyinin sifarişi əsasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə, habelə yeni tibbi cihaz və aparatların, inventar və avadanlığın alınmasına ümumilikdə 3 milyon manatdan artıq vəsait xərclənmişdir.
İkimərtəbəli, 150 çarpayılıq xəstəxana binası 5 əsas korpusdan ibarətdir. Ümumi sahəsi 4700 kvadratmetr olan xəstəxana binasında 190 otaq vardır. Xəstəxanada 50 çarpayılıq cərrahiyə, 54 çarpayılıq terapiya, 30 çarpayılıq mama-ginekologiya, 10 çarpayılıq yoluxucu xəstəliklər və 6 çarpayılıq reanimasiya-anesteziologiya şöbələri fəaliyyət göstərir. Əməliyyat bloku, reanimasiya və doğum şöbələri, müalicə otaqları, laboratoriyalar Koreya Respublikası, İtaliya, Slovakiya və digər ölkələrin qabaqcıl firmalarının istehsalı olan ən müasir tibbi avadanlıq və cihazlarla, exo-kardioqram, rentgen və ultrasəsli müayinə aparatları ilə təchiz edilmişdir.
Xəstəxanada müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, su, elektrik, kanalizasiya xətləri tamamilə təzələnmiş, həyətində abadlıq işləri aparılmışdır. Səhiyyə ocağında 400 nəfərə yaxın tibbi heyət çalışır.
Bina ilə tanışlıqdan sonra xəstəxananın həyətində tibb işçiləri ilə görüşən nazir Oqtay Şirəliyev son illər Azərbaycanda digər sahələrlə yanaşı, səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, ucqar rayonlarda istifadəyə verilən, ən müasir tibbi cihaz və aparatlarla təchiz olunan belə tibb ocaqları əhalini uzaq məsafə qət edərək, paytaxt xəstəxanalarına getmək qayğısından azad edir, yerlərdə səhiyyənin inkişafına müsbət təsir göstərir. Nazir xəstəxana kollektivinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Xəstəxananın baş həkimi Fərman Əhmədzadə çıxış edərək ölkəmizdə əhalinin sağlamlığının qorunmasına göstərilən yüksək dövlət qayğısına görə rayonun tibb işçiləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
######
![]() |
![]() |

