Qax rayonunun 920 təsərrüfatında 28 mindən çox arı ailəsi bəslənilir
Qax, 27 iyul, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qax rayonunda da arıçılığın inkişafı məqsədilə müvafiq layihələr həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, zəngin floraya malik Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır.
Regionun zəngin meşə örtüyü, dağlıq relyefi və qədim arıçılıq ənənələri “Qax balı”nın müstəqil bir brend kimi formalaşması üçün bütün zəruri komponentlərə malikdir. Son illər rayonda arıçılığın inkişafı istiqamətində məqsədyönlü iş aparılır.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon ərazisində fəaliyyət göstərən “Api Delta Group” MMC-yə və bir neçə arıçılıq təsərrüfatına baş çəkərək mövcud vəziyyət, istehsal prosesi və mövsüm ərzində görülən işlərlə tanış olub.
Arıçılarla söhbət zamanı Elvin Paşayev kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illəri əhatə edən dövlət proqramında müəyyən edilmiş hədəflərin icrasının əhəmiyyətini vurğulayaraq, müasir texnologiyaların tətbiqi, damazlıq işinin təkmilləşdirilməsi, keyfiyyətli bal istehsalının artırılması və arıçıların dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.
Rayon Arıçılar Birliyindən verilən məlumata əsasən, hazırda Qaxda 920 təsərrüfatda 28 min 648 arı ailəsi mövcuddur. Arıçılıqda-damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətində görülən işlərin nəticəsi kimi son illərdə rayonda arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunmaqdadır. Məlumatda o da qeyd olunur ki, damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılması arıçılığın inkişafında mühüm rol oynayır. Bu gün arıların cins tərkibinin yaxşılaşdırılması arıçıların ən ümdə məsələsidir. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə düzgün qulluq edilməsidir.
Bu sahədə həyata keçirilən tədbirlər, eləcə də 2026–2030-cu illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan məqsəd və vəzifələr arıçılığın davamlı inkişafına, məhsuldarlığın artırılmasına, kənd yerlərində məşğulluğun genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Müxbir - Rasim İslamoğlu