REGİONLAR
Qax ziyalısı: Builki prezident seçkiləri ölkə tarixinin ən qürurverici seçkilərindən biri olacaq
Qax, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkiləri heç şübhəsiz ki, ölkə tarixinin ən qürurverici seçkisi kimi yaddaşlara əbədi həkk olunacaq. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş qalib ölkənin Prezidentini seçəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Həqiqətən də, 30 ilə yaxın həsrətini çəkdiyimiz doğma torpaqlarımızda prezident seçkilərinin keçirilməsi olduqca qürurvericidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax ziyalısı, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova söyləyib.
Prezident seçkilərinin ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə olduğunu vurğulayan rayon ziyalısı deyib: “İndiyədək dəfələrlə müxtəlif seçkilərdə iştirak etmişik. Amma bu dəfə prezident seçkilərində ərazi bütövlüyünü tam bərpa etmiş müstəqil ölkənin vətəndaşı kimi iştirak edəcəyik. Bu, hamımız üçün şərəfdir. Bu seçki xalqımızı daha da işıqlı sabahlara aparacaq. Müstəqil ölkənin vətəndaşı olaraq, mən bütün seçiciləri fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak etməyə, daha güclü Azərbaycan naminə səs verməyə çağırıram”.