Qaxda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar
Qax, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən, noyabrın 7-də saat 00:00-dan etibarən respublikanın 10 şəhər və rayonunun, o cümlədən Qax rayonunun inzibati ərazisinə giriş-çıxış dayandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə bağlı qərarın icrasının təmin edilməsi üçün Qax rayonunun girişində qurulmuş postlarda rayon polis şöbəsinin və Daxili Qoşunların əməkdaşları tərəfindən zəruri işlər həyata keçirilir. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı tam dayandırılıb.
Eyni zamanda, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qax şəhərində və rayonun kəndlərində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparılır. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur.