MƏDƏNİYYƏT
Qaxda “Xəmsə” milli intellektual oyununun zona yarışları keçirilmişdir
Qax, 9 aprel (AZƏRTAC). Qax şəhərində gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə V Azərbaycan çempionatının zona turunun yarışları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində təşkil olunan yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını təmsil edən 16 komanda mübarizə aparmışdır.
Zona turunun açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək çempionatın “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək göstərmək məqsədi daşıyır.
Zona turunda müvafiq olaraq birinci-ikinci yerləri tutan Balakən rayonunun “Qriffindor” və Qəbələ rayonunun “Qəbələ” komandaları milli çempionatın final mərhələsinə vəsiqə qazanmışlar.