Qaxlılar Zəfər Gününü Zəfər yürüşü ilə qeyd ediblər
Qax, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımız çox əlamətdar tarixi günləri yaşayır. İşğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad edilməsi üçün ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı şanlı Qələbədən bizi düz bir il ayırır. 8 Noyabr - Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə noyabrın 8-də Qax şəhərində möhtəşəm bayram yürüşü keçirilib.
Yürüş iştirakçıları əvvəlcə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhərin mərkəzindən start götürən Zəfər yürüşü Şəhidlər xiyabanınadək davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları Heydər Əliyev prospekti ilə hərəkət edən yürüş iştirakçıları yolboyu doğma Vətənə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Müzəffər Ali Baş Komandanımıza, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
Yürüş iştirakçıları Şəhidlər xiyabanında ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarlarını ziyarət edib, üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Zəfər sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Vətən müharibəsi qazisi, baş gizir Mail Məmmədov deyib: “Bu gün Azərbaycan xalqının Zəfər Günüdür. Qürur duyulacaq bir gündür. 30 ilə yaxındır bu günü həsrətlə gözləyirdik. Bu həsrətə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son qoydu. Şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə Tanrıdan şəfa diləyirəm”.
Düşmən təxribatının başlandığı gündən, sentyabrın 27-dən döyüşlərə atılan baş gizir Mail Məmmədov Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın istiqamətində və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib, noyabrın 5-də Şuşa istiqamətində yaralanıb. Döyüşlərdə göstərdiyi igidliyə görə 7 medalla - Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Şuşanın azad olunmasına və “İgidliyə görə” medalları ilə təltif olunub.
Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Qax-Zaqatala avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.