Qazax-Tovuz regionunda “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi başlayıb
Tovuz, 19 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Qazax-Tovuz regionunda da davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, festivalın ikinci mərhələsi avqustun 22-də başa çatacaq. Bu mərhələdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsini əhatə edən Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan şagirdlər iştirak edirlər.
Birinci turda fərqlənərək növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların sayı 602 nəfər təşkil edir. Onlardan 593-ü fərdi, 9-u isə kollektiv çıxış nümayiş etdirəcək. Kollektiv iştirakçılar arasında 6 xor kollektivi və 3 milli rəqs ansamblı yer alır.
Qeyd edək ki, ikinci mərhələdə uğur qazanan iştirakçılar respublika üzrə keçiriləcək final mərhələsində iştirak edəcəklər.