Qazaxda raketin mühərrik hissəsi aşkarlanıb
Bakı, 13 may, AZƏRTAC
Mayın 12-də saat 22:53-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax şəhərinin Bakı küçəsi 1 ünvanının yaxınlığında bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tərkibində partlayıcı maddə olmayan 122 millimetrlik 9M22U raketinin mühərrik hissəsi aşkarlanıb. O, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.