Qazaxda yaşayış binalarının dam örtükləri yenilənir
Qazax, 11 iyun, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Qazax rayonunda 2016-cı ildən geniş vüsət alan bu işlər nəticəsində 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxınının dam örtüyü yenilənib, blok və fasadı əsaslı təmir olunub. Binaların təmiri bu il də davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda şəhərin Bakı və Şəhidlər xiyabanı küçələrində yerləşən binalarında təmir işləri aparılır.
Bakı küçəsi 2A ünvanında yerləşən və məcburi köçkün ailələrinin yaşadığı binalarda dam örtüyünün dəyişdirilməsi artıq başa çatıb. Həmin ərazidə yerləşən 2 saylı binada isə dam örtüyünün dəyişdirilməsi işləri davam edir.
Şəhərin mərkəzində yerləşən, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.xiyabanı 25 saylı binalarda son tamamlanma işləri görülür. Belə ki, binaların bloklarındakı giriş hissədə olan çardaqlar yenidən qurulur.
Artıq hər iki binanın bloklarındakı divarlara astar-üzlük vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.