RƏSMİ XRONİKA
QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN BƏYANATI
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!
İndi biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə çox mühüm, səmimi danışıqlar apardıq. Elə indicə, sizin gözləriniz qarşısında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə şərait yaradılması haqqında müqavilə imzaladıq. Bu, çox mühüm müqavilədir və biz onu uzun müddət işləyib hazırlamışıq. Mütəxəssislərimiz yaxşı işlədilər və sənədin imzalanmasını mümkün etdilər.
Müqavilənin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Xəzər dənizinin hər iki tərəfindən məhz Qazaxıstan və Azərbaycan Mərkəzi Asiya regionunun dövlətləri ilə ticarət üçün əsas birləşdirici vəsilədir, ən başlıcası isə, neftin nəqli üçün biz Rusiya və Çin istiqamətləri ilə yanaşı, üçüncü yolu da əldə edirik. 2015-ci ilədək Qazaxıstanda neft hasilatının getdikcə artacağı bu yolun da işləməsini zərurətə çevirir. Müqaviləyə uyğun olaraq, 2010-cu ilədək Xəzərin həm Qazaxıstan, həm də Azərbaycan sahilində infrastruktur obyektləri tikiləcək – mən yeni terminalları, tankerlərlə nəqletmə üçün yeni imkanları nəzərdə tuturam. Bütün bunlara müvafiq vəsait qoyulacaqdır. Sonra neftin getdikcə artan həcmdə miqdarı müəyyənləşdiriləcək, neft Qazaxıstan üçün çox vacib olan bu boru kəməri ilə nəql ediləcəkdir.
Hesab edirəm ki, bu, ənənəvi surətdə dost olan, bir-birinə həmişə səmimiyyətlə yanaşan, ümumi kökləri, ümumi mədəniyyəti olan dövlətlərimizin qarşılıqlı münasibətlərində çox mühüm tarixi hadisə, ticarətimizin yüksək sürətlə artması üçün vacib imkandır.
İlham Heydər oğlu, mən Sizi bu müqavilə münasibətilə təbrik edir və salamlayıram, bu müşavirədə iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm.