Qazaxıstan Respublikasının Prezidenti
Zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç,
Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ötən illər ərzində Qazaxıstan hərtərəfli və dinamik inkişaf yolu keçmişdir. Siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Qazaxıstanın simasını formalaşdırmış, ölkənizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır.
Ortaq mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək səviyyəsi ilə səciyyələnir. Tarixən möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə və zənginləşməkdədir.
Məmnunluqla qeyd etmək istərdim ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bütün digər sahələrdə səmərəli əməkdaşlığımız üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə işimizi müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 dekabr 2011-ci il.