QAZAXISTAN VƏ AZƏRBAYCAN İQTİSADİ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 23-də Astanada iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasında ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunmuşdur.
İclasda yanacaq-energetika, neft-kimya, nəqliyyat, rabitə, kənd təsərrüfatı, ekologiya sahələrində qarşılqlı fəaliyyətin perspektivləri nəzərdən keçirilmişdir.
Qazaxıstanın energetika naziri Saut Mınbayev jurnalistlərə bildirmişdir ki, aprelin 24-də parlamentin yuxarı palatasında - senatda Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə neft nəqlinin dəstəklənməsi haqqında Azərbaycan Respublikası ilə imzalanmış müqavilənin ratifikasiyası barədə qanun layihəsinə baxılacaqdır.
Nazir vurğulamışdır ki, “QazMunayQaz”ın ekspertləri hazırda Azərbaycandadır və Qazaxıstan tərəfi yaxın vaxtlarda Qazaxıstan-Xəzər dənizi nəql sisteminin dəniz hissəsinin formalaşdırılması ilə bağlı texniki məsələlərin nizama salınacağına ümid edir.
Xatırladaq ki, Qazaxıstan parlamentinin aşağı palatası həmin müqaviləni artıq ratifikasiya etmişdir. Sənəddə Qazaxıstan neftinin Xəzər vasitəsilə nəqli və sonradan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə göndərilməsi nəzərdə tutulmuşdur. Bu layihənin gerçəkləşdirilməsi ilə yeni neft nəqli infrastrukturu yaradılacaqdır.