QAZAXISTANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ ŞƏRƏFİNƏ
Dekabrın 16-da Qazaxıstanın Azərbaycandakı səfirliyi öz ölkəsinin dövlət müstəqilliyinin 11-ci ildönümü münasibətilə Bakı Əyləncə Mərkəzində təntənəli qəbul təşkil etmişdir.
Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov və Milli Məclisin sədri Murtuz Ələsgərov qəbulda çıxış etmişlər.
Səfir öz ölkəsinin müstəqillik illərində siyasi və iqtisadi sahələrdə qazandığı nailiyyətlər barədə ətraflı məlumat verdi. O, məmnunluqla bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev dövlət müstəqilliyi günü münasibətilə Qazarxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu göndərmiş və qazax xalqına öz xoş arzularını ifadə etmişdir. Diplomat vurğuladı ki, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı münasibətlərin yüksək səviyyədə olması prezidentlərimizin dostluq əlaqələrinin nəticəsidir. Andar Şukputov ölkələrimizin nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından da danışdı və dedi ki, bu, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir.
Milli Məclisin sədri Murtuz Ələsgərov səfiri Qazaxıstanın müstəqilliyi günü münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevin və parlamentimizin adından təbrik edərək, ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlərdən danışdı və bu işdə dövlət başçılarının rolunu xüsusi vurğuladı. O dedi ki, qarşılıqlı surətdə faydalı münasibətlərin, ilk növbədə, iqtisadi əlaqələrin perspektivləri güman etməyə əsas verir ki, qazax və Azərbaycan xalqları arasındakı qardaşlıq telləri bundan sonra da möhkəmlənəcəkdir. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəqli haqqında iki ölkə nümayəndələri arasında bu yaxınlarda Londonda aparılmış səmərəli danışıqlar, habelə digər iqtisadi layihələr Qazaxıstanın və Azərbaycanın tərəqqisinə kömək edir.
Rəsmi qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədrin müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, digər rəsmi şəxslər iştirak edirdilər.