Qazi Elvin Sadıxov: Hospitala 5 faiz qanla çatdırıldım, on iki gün komada qaldım
Bakı, 17 noyabr, AZƏRTAC
2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qoşuldum. Vətən müharibəsində öz istəyimizlə döyüşlərə yollandıq. Oktyabrın 5-də Füzuli istiqamətində hücuma atılmışdıq. Düşmən bizim təzyiqimizi görüb geri çəkilməyə başlamışdı. Minaatanlardan bizim mövqeyimizi atəşə tuturdular. Elə o zaman minaatan mərmisinin qəlpəsinə tuş gəldim. Qarnım, bağırsağım zədələnmişdi, qəlpə omba sümüyümü də qırdığı üçün ayağım işləmirdi. Qaranlıq düşənə qədər öz mövqeyimdə gözlədim. Sonra bizim ordunun hərbi qulluqçuları məni ərazidən çıxarmağa gəldilər. Onlara dedim ki, "məni burada qoyun, özünüzü təhlükəyə atmayın, onsuz da mən ölmüş kimiyəm, aparmağa ehtiyac yoxdur". Dedilər ki, "yox, qardaş, biz səni hospitala çatdırmalıyıq. Səni burada belə vəziyyətdə qoya bilmərik, səni çıxaracağıq". Məni döyüş zonasından çıxardılar, təcili tibbi yardım maşınına gətirdilər. Həkimlər deyirdilər ki, hospitala 5 faiz qanla çatdırılmışam. On iki gün komada qalandan sonra ayılmışam.
AZƏRTAC deyir ki, bu sözləri Vətən müharibəsi qazisi Elvin Sadıxov deyib.
"Ayılanda heç bir şey xatırlamırdım. Həkimlərdən harada olduğumu soruşdum, onlar etibarlı əllərdə olduğumu dedilər. Qışqırırdım, ciyərlərim zədələnmişdi deyə səsim çıxmırdı. Pıçıltı ilə danışa bilirdim. Əlimi silkələyərək dedim ki, əlimi açın. Əlimi açandan sonra dedim ki, məni buraxın, mən gedim. Soruşdular hara getmək istəyirsən? Dedim Qarabağa getmək istəyirəm, döyüş yoldaşlarım orada qalıb. Lakin təəssüf ki, yaralarım buna imkan vermədi.
Haradasa 3 aya yaxın ev şəraitində müalicə aldım. Əlillik dərəcəm təyin olunandan sonra "YAŞAT" Fonduna müraciət etdim. Mənə yardım göstərdilər. Edilən maddi dəstəklə evimizi təmir etdik.
Başda Ali Baş Komandan olmaqla diqqət və qayğısını əsirgəməyən hər kəsə, "YAŞAT" Fonduna və fonda ianə edən xalqımıza öz dərin minnətdarlığımı bildirirəm. Qədirbilən, xeyirxah insanlar "YAŞAT" Fondunu həqiqətən də yaşadırlar, fond da öz növbəsində şəhid ailələrinə, qazilərə dəstəyini əsirgəmir.
"Mən bir qazi kimi qürur duyuram ki, 44 günlük müharibədə iştirak etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bir sözlə, Qarabağ Azərbaycandır!", - deyə E.Sadıxov fikirlərini yekunlaşdırıb.