Qəbələdə buraxılış (qəbul) imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb
Qəbələ, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 11-də Qəbələ rayonunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Qəbələ rayonunda 6 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Qəbələ şəhərindəki 1, 3, 4 və 5 saylı, həmçinin Nic və Vəndam qəsəbələrindəki 2 saylı tam orta məktəblərdə təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1233 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 17 imtahan rəhbəri və 128 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 99 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.