Qəbələdə karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət gücləndirilib
Qəbələ, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri gücləndirilib. Rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gündəlik keçirilən reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadənin məcburiliyi izah edilir. Sakinlərə, həmçinin koronavirus infeksiyasının qarşısının alınması, sağlamlıqlarının qorunması üçün ölkədə həyata keçirilən peyvəndləmə prosesində fəal iştirak etmələri, kənarda qalmamaları tövsiyə olunur.
Eyni zamanda, karantin qaydalarını pozan vətəndaşlar və obyekt sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.