Qəbələdə keçirilən seminarda aqroturizmin inkişafında kənd təsərrüfatı modellərindən danışılıb
Qəbələ, 27 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Relyef və iqlimi ilə yanaşı, əsrarəngiz təbiətə malik Qəbələ rayonunda turizm sektoru inkişaf etməkdədir. Rayonda aqroturizmin də yetərincə potensialı var və bu istiqamətdə layihələr davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri Qəbələ Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, bu fikirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Qeyri-neft sektorunun inkişafında aqroturizmin əhəmiyyəti və turizm potensialı olan kənd təsərrüfatı modelləri” mövzusunda keçirilən seminar səsləndirilib.
Seminar zamanı iştirakçılara aqroturizmin perspektivləri, kənd turizminin iqtisadi və sosial əhəmiyyəti, həmçinin turizm potensialına malik kənd təsərrüfatı modelləri barədə ətraflı məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.
Tədbirin əsas məqsədi gənclər arasında qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqroturizm sahəsinə marağın artırılması və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi olub.