RƏSMİ XRONİKA
QƏBƏLƏDƏ OLİMPİYA-İDMAN KOMPLEKSİ TİKİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Prezident İlham Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev kompleksin baş planı ilə tanış oldu. Obyektin əsas iqtisadi göstəriciləri barədə məlumat verilərək bildirildi ki, 4,3 hektar sahədə yerləşəcək kompleksdə böyük idman salonu, üzgüçülük hovuzu, futbol, basketbol, voleybol meydançaları, tennis kortu, habelə mehmanxana, avtomobil dayanacağı inşa olunacaqdır. Ərazidə istirahət meydançasının, fəvvarələrin, qonaqlar və yarış iştirakçıları üçün kotteclərin inşası da nəzərdə tutulmuşdur.
2009-cu ilin sonunadək hazır olacaq kompleksdə respublika əhəmiyyətli və beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev Qəbələnin idman və turizm obyektlərinin perspektiv layihələri ilə də tanış oldu. Bildirildi ki, rayonda turizmin inkişafı üçün nəzərdə tutulan bu layihələr icra olunduqdan sonra buraya gələn xarici turistlərin sayının artması gözlənilir.
Dövlətimizin başçısı turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu xatırladaraq, layihələrin uğurla icrası, ümumən turizm sektorunun inkişafı ilə bağlı fikirlərini söylədi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
######