Qəbələdə şəhid Tural Cəlilovun xatirəsi anılıb
Qəbələ, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 10-u Vətən müharibəsi şəhidi, Qəbələ rayonunun Yeni Dizaxlı kəndindən olan Tural Cəlilovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbər işçiləri, şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri Tural Cəlilovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 25-ci ilində əbədiyyətə qovuşan Turalın keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından, Vətənini sevən cəsur şəxsiyyət kimi yetişməsindən söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin valideynləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.