Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar
Qəbələ, 25 avqust, AZƏRTAC
Gənclərin Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə infoturu təşkil olunub. İnfotur Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi, Qəbələ regional “ASAN xidmət” mərkəzi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infotur zamanı gənclər əvvəlcə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları olan “Səlbir” və “Qala” adlanan arxeoloji ərazilərdə olublar. Burada onlara dövrü olaraq aparılmış arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar edilmiş maddi-mədəniyyət nümunələri - ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və tarixi tapıntılar haqqında geniş məlumat verilib, öz möhtəşəmliyi ilə tarixi sınaqlardan bu günümüzədək gəlib çıxan qala divarlarına yaxından baxış keçirilib.
Daha sonra gənclər Qəbələ Arxeoloji Mərkəzində olublar. Bildirilib ki, Azərbaycan tarixinə və arxeologiyasına öz töhfələrini verən və estetik görünüşü ilə göz oxşayan Qəbələ Arxeoloji Mərkəzinin Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı rəsmi açılışını edib. Arxeoloji Mərkəz qədim şəhərin tarixi keçmişini öyrənmək və qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz sərgi salonu, müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Qeyd olunub ki, ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir, bərpa işləri tamamlandıqdan sonra sərgi salonlarında ziyarətçilərə nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, SEBA təşkilatının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gələn Qəbələ Arxeoloji Mərkəzində elm adamlarının, arxeoloqların fəaliyyəti üçün geniş imkanlar yaradılıb, həmçinin burada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruq əməkdaşlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən iş otaqları ayrılıb, onların fəaliyyəti üçün geniş imkanlar açılıb.
Gənclər Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla yaxından tanış olub, onları maraqlandıran suallar qoruğun ekskursiyaçısı tərəfindən cavablandırılıb.
Müxbir - Rasim İslamoğlu