Qida Təhlükəsizliyi Agentliyi jurnalistlər üçün media-tur keçirib
Lənkəran, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizin cənub bölgəsinə media-tur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media-turun keçirilməsində məqsəd Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.
Jurnalistlərin diqqətinə çatdırılıb ki, qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas olmaqla kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədilə müayinə edilir. Müayinələrdən sonra nəticələr həmin kod altında Agentliyin vahid elektron sisteminə ötürülür. Bununla da prosesin şəffaf şəkildə izlənməsi təmin edilir.
Nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də, sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.
Media-tur çərçivəsində jurnalistlər Lənkərandakı “Cənub Aqro” MMC-nin istixana təsərrüfatında yetişdirilən pomidor və “Astaraçay” MMC-nin çay fabrikində emal olunan çay məhsullarından nümunələrin götürülməsi və ekspertizasının AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasında aparılması prosesini izləyiblər.
Jurnalistlər “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi və buradakı “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.
KİV nümayəndələrinə məlumat verilib ki, bu ilin iyul ayından fəaliyyətə başlayan Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub: heyvan və bitki mənşəli xəstəliklərin ekspertizası, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası.
Laboratoriyada 27 laborator baxış otağı var və gündəlik 300 sınaq aparmaq mümkündür. Burada ABŞ, İtaliya, İspaniya və digər ölkələrin tanınmış şirkətlərinin istehsal etdiyi avadanlıq və cihazları quraşdırılıb.
Lənkəran Regional Sınaq Laboratoriyasında, həmçinin kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağı, soyuducu kamera və yardımçı tikililər də mövcuddur. Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda həyata keçirilir. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Qəbul edilmiş nümunələr digər şöbələr tərəfindən tədqiq olunur. Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın, bitkiçilik məhsullarının və bütün növ qida məhsullarının qəbuludur.
Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək, bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılmasında dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə edilir.
Fiziki-kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır.
Molekulyar biologiya və GMO-nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda, ət və ət məhsullarında mənşə təyini həyata keçirilir.
Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, həmçinin qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası aparılır. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlarla təchiz olunub.
Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir.
Tanışlıq zamanı bildirilib ki, heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır. Karantin ekspertiza şöbəsində isə bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir. Qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.