“Qış nağılı” adlı Yeni il şənliyi ağcabədili uşaqlara sevincli anlar bəxş edib
Ağcabədi, 1 yanvar, AZƏRTAC
Ağcabədi rayonunda uşaqlar üçün rəngarəng və əyləncəli Yeni il şənlikləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Mədəniyyət Evində Ağcabədi Şəhər İncəsənət Məktəbinin şagirdləri tərəfindən təqdim edilən “Qış nağılı” adlı şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıb.
Bayram tədbirində Şaxta baba, Qar qız və nağıl qəhrəmanları uşaqları şənləndirib, onlara sevincli anlar bəxş edib. Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.