“QLOBAL KREDİTORLAR VƏ İNVESTORLAR” FORUMU KEÇİRİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 24-25-də Londonda beynəlxalq Euromoney Təşkilatının “Qlobal kreditorlar və investorlar” Forumu keçiriləcəkdir.
Beynəlxalq və regional maliyyə qurumları rəhbərlərinin, kredit və investisiya şirkətləri nümayəndələrinin, investorların iştirak edəcəyi tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayev təmsil edəcəkdir.
İkigünlük tədbirdə dünya kapital bazarında baş verən dəyişikliklər, beynəlxalq kapital axını və investisiyaların təşviqi, maliyyə və investisiya risklərinin qiymətləndirilməsi, Orta Şərq, Asiya regionlarında yeni investisiya imkanları, dövlətlə özəl sektor arasında iqtisadi əməkdaşlığın genişlənməsi məsələlərinin müzakirəsi gözlənilir. Forumda, həmçinin beynəlxalq və regional iqtisadi layihələrin maliyyələşdirilməsi, iqtisadi idarəetmədə şəffaflıq, investisiyalara uzunmüddətli iqtisadi marağın təmin olunması, ölkələrarası iqtisadi əməkdaşlığın perspektivləri mövzularında fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində Heydər Babayevin Euromoney Təşkilatının direktoru Martin Born və təşkilatın icraçı direktoru Neil Osbornla görüşləri də nəzərdə tutulmuşdur.