Qobustanda şəhid Həsən Quliyevin anım mərasimi keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Qobustanda Vətən müharibəsi şəhidi Həsən Quliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Quliyev Həsən Yalçın oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığı vurğulanıb.
Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Quliyev Həsən ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.