Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirən şəxs saxlanılıb
Bakı, 30 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz şəkildə narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat verilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kiloqram olan 10 çətənə kolu aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.