REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 25-də Bakı şəhərinin “Təzə bazar”, 3-cü mikrorayon və Sabunçu bazarlarında quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz toyuq əti və yumurta təklif olunmuşdur. “Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada Hövsan, İmişli, Goradil, Giləzi və digər quşçuluq fabriklərindən gətirilmiş məhsullar satılmışdır.
3-cü mikrorayon bazarı ərazisində yerləşən yarmarkada Giləzi quşçuluq MMC-nin işçisi Samir Eyvazov gətirdiyi 7 min ədəd yumurtanın birini 8-9 qəpiyə satırdı. Hacıqabul quşçuluq fabrikindən gətirilmiş toyuq ətinin kiloqramı 2 manat 40 qəpiyə təklif olunurdu.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev demişdir ki, mayın 25-də şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır.
Satış-yarmarkalar şənbə və bazar günləri də davam edəcəkdir.