Rafiq Həşimov: Bu gün əkdiyim ağaclar mənə xoş duyğular yaşatdı
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də paytaxtın Xocasən qəsəbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyasına Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları da qoşulmuşdu.
Aksiyada iştirak edən cəmiyyətin sədr müavini, Əməkdar artist Rafiq Həşimov AZƏRTAC-ın müxbirinə deyib: “Bugünkü aksiya çox gözəl və möhtəşəmdir. İmkan olduqca rayonlara, təbiət qoynuna üz tutsaq da, ağac əkməklə çoxdandır ki, məşğul olmurdum. Bu mənada mənim üçün bu tədbirdə iştirak etmək həm faydalı bir iş kimi, həm də uzaqlarda qalan uşaqlıq və gənclik illərinə dönmək, xatirələrə baş vurmaq mənasında çox xoş oldu. Dünyaya göz açdığım Abşeron rayonunun Güzlək qəsəbəsində ağac da əkmişəm, yonca da biçmişəm, barlı budaqların meyvəsini də dərmişəm. Lakin bu gün əkdiyim ağaclar məndə çox fərqli duyğular yaşatdı. İlk növbədə ona görə ki, bu tədbir müqəddəs Ramazan ayına təsadüf edir. Digər tərəfdən onu qeyd etmək istəyirəm ki, son illər Bakı şəhəri bütünlüklə yaşıllığa bürünür. İllər keçəcək, zaman gələcək ki, gələcək nəsillər meşənin içində füsunkar bir şəhər görəcəklər. Necə ki, dünyada yaşıllıqlarla əhatə olunmuş bir neçə şəhər var və onları “parkın içində şəhər” adlandırırlar. Bakı şəhəri də ilbəil, addım-addım buna doğru gedir. Başqa bir hiss ondan ibarətdir ki, bu gün burda zəhmət çəkən, ağac əkən, ting basdıranların sabah gələcək nəsillər tərəfindən xatırlanmaq, xeyirxahlıqla yad edilmək imkanları var. Vaxt gələcək bizdən sonrakı nəsillər bu gün əkdiyimiz ağacların kölgəsində dincələndə, bu gün saldığımız parkda gəzəndə bir vaxtlar bu işi görən, bu yaşıllığı salanlara dua oxuyacaq və onların əməyini xoş və xeyirxah hisslərlə, minnətdarlıq duyğusu ilə yad edəcəklər. Həyat çox qısadır və bu ağaclar bir qayda olaraq bir neçə nəslə oksigen, təmiz hava bəxş edəcək, ekologiyanı qorumaq missiyasını həyata keçirəcək”.