“Red Bull” paraşütçüləri Bakı səmasında Avropa Qran-prisi üçün uçublar
Bakı, 3 iyun, AZƏRTAC
“Red Bull Skydive” (paraşüt) komandasının istedadlı üzvləri - Marko Valtenşpil və Corc Latner Bakıya səfərləri çərçivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirərək insanların uçmaq arzusunun artıq gerçək olduğunu sübuta yetiriblər.
AZƏRTAC xəbər verir ki, güclü küləyin olmasına və hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, akrobatlar vinqsyut (parçadan tikilmiş qanad-kostyum) və beyscampinq (tərpənməz obyektlərdən tullanma) elementlərini uğurla həyata keçiriblər.
Şou zamanı akrobatlar Azərbaycanın dövlət bayrağını, o cümlədən “Formula-1” Avropa Qran-prisinin bayrağını yüksəkliyə qaldıraraq Bakı buxtasının üzərində dalğalandırıblar və şəhərin ecazkar görünüşünə xüsusi rəng qatıblar.
Marko Valtenşpil və Corc Latner avstriyalı paraşütçülərdir və hər ikisi vinqsyut uçuşu və beyscampinq üzrə ixtisaslaşıblar. Marko paraşütlə tullanma ilə 2011-ci ildən məşğul olur, lakin ilk tandem tullanışını 11 yaşında olarkən reallaşdırıb.
Havada qəhrəmancasına nümayiş etdirdiyi çıxışdan sonra müsahibə verən Marko Valtenşpil deyib: “Müəyyən yerlərdə hava kifayət qədər küləkli idi, lakin ümumi götürdükdə, Bakı səması paraşütçülük etmək üçün çox əlverişlidir. Azərbaycan bayrağını havada dalğalandırmaq mənim üçün qürurverici bir hiss idi. Eyni zamanda, Bakı sakinlərinə belə həvəsləndirici anlar və yaddaşlarda qalacaq xatirə yaşada bildiyim üçün sevincliyəm”.
Corc Latner bildirib ki, yüksəklikdən tullanma növləri arasında mənim ən çox xoşladığım vinqsyut uçuşudur. Bakı səmasında tullanmaqdan sözün əsl mənasında zövq aldım. Bugünkü küləklə bacarmaq sözsüz ki, çətin idi, amma buna baxmayaraq mən xeyli əyləndim. Şəhərin üzərində süzərkən və küçələrində gəzişərkən Bakının Avropa Qran-prisini qarşılamağa hazır olduğuna şahidlik etdim.
C.Latner 12 yaşındaykən ilk dəfə Salzburq şəhərində tandem tullanışını sınayıb. Elə həmin ildə də hava idmanı ilə peşəkar səviyyədə məşğul olmaq qərarına gələn idmançı bu arzusunu yetkinlik yaşında həyata keçirməyi bacarıb.