Rəhbər vəzifələrə ilk dəfə qəbul olunmuş dövlət qulluqçuları üçün Finlandiya təcrübəsi təqdim edilib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS MMC) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrinin müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində dövlət qulluğunda rəhbər vəzifələrə ilk dəfə qəbul olunmuş şəxslər üçün tədbir keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihə haqqında danışıb, eləcə də Azərbaycanda 2018-ci ilin birinci rübündə dövlət qulluğuna qəbul sahəsində görülmüş işlər, imtahanlar, statistik göstəricilər və s. barədə məlumat verib.
Qeyd edilib ki, HAUS MMC 1971-ci ildə dövlət qulluqçuları üçün dövlətə məxsus mərkəzləşmiş təlim agentliyi kimi yaradılıb. HAUS MMC dövlət qulluğu üzrə milli təlim institutudur və Finlandiyanın Maliyyə Nazirliyinə hesabat verir.
Tədbirdə finlandiyalı ekspertlər - Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun baş direktoru xanım Anneli Temmes və Finlandiya Maliyyə Nazirliyində maliyyə məsələləri üzrə müşavir Ari Holopainen tərəfindən liderlik keyfiyyətləri, liderlərin potensialının artırılması, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçimi, dövlət qulluqçularının etik davranış qaydaları və s.mövzularla bağlı Finlandiya təcrübəsi təqdim edilib. Mövzu ətrafında müzakirələr aparılıb.