Rektor: ADPU müasir təhsil bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamalıdır
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partıyasının Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının idarə heyətinin sədri, professor Himalay Qasımov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük əzmlə və uğurla gerçəkləşdirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən daha da güclənir. Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin, milli quruculuq strategiyasının əsas istiqamətlərindən biridir. Böyük və zəngin tarixi ənənələrə malik ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Universitetdə həyata keçirilən islahatlar, yeniliklər, layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə, əmək və tədris şəraitinin yaxşılaşdırılmasına, maddi-texniki bazanın gücləndirilməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə əlverişli şərait yaradıb.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi qarşımızda dayanan əsas vəzifədir. Universitetimizin müəllimləri tədris prosesini müasir dövrün tələblərinə uyğun qurmalı, tədris proqramları yenilənməlidir. ADPU-da müəllimlərin işə qəbul edilməsi seçki vasitəsilə keçirilir. Universitetdə seçki prosesi ədalətli, şəffaf və demokratik şəraitdə, alternativ əsaslarla keçirilir. Seçki ən mütərəqqi metod, ən səmərəli üsuldur. Sağlam və ədalətli rəqabət inkişafın başlıca şərti, həlledici amilidir. Tələbələr daim öz bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, xarici dilləri dərindən öyrənməlidirlər. Bununla yanaşı, tələbələr vətənpərvər olmalı, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməlidirlər. Biz bütövlükdə fəaliyyətimizi gələcək məqsəd və hədəflərimizə uyğun qurmalıyıq. ADPU müasir təhsil bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamalıdır.
Tədris departamentinin direktoru, dosent Sənan Əliyev universitetdə tədris prosesinin daha səmərəli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsilin bütün səviyyələrində yeni və müasir tədris proqramlarının hazırlanması, kollokviumların keçirilməsi və imtahanlara hazırlıq, tələbələrin dərsliklə təminatı, Kitabxana-İnformasiya Mərkəzinin yenidən qurulması, xarici ölkələrlə tələbə mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən əməli tədbirlər barədə tələbə-gənclərə ətraflı məlumat verib.
İclasda filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovaya səmərəli ictimai fəaliyyətinə görə YAP-ın Səbail rayon təşkilatının fəxri fərmanı təqdim edilib.
İclasda digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.