ELM VƏ TƏHSİL
Rektor: Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin növbəti qələbəsidir
Bakı, 6 noyabr, AZƏRTAC
Bir neçə gündən sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizə dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının etimadının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
Rektor bildirib ki, iqlim dəyişikliklərinə həsr olunan belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyanın qlobal problemlərinin həll olunmasında yaxından iştirak etdiyinin, qlobal təşəbbüsləri dəstəklədiyinin sübutudur: “Bu mənada hazırda dünya ictimaiyyətinin diqqətinin Bakıya yönəlməsi, ictimai-siyasi, sosial-iqtisadi və ən əsası elmi dairələrin diqqət mərkəzində olması təbii qarşılanmalıdır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin növbəti qələbəsidir. Bu uğur Prezident İlham Əliyevin xarici siyasət kursunun təntənəsi, dövlətimizin müstəqil xarici siyasətinin bəhrəsidir”.
BDU rəhbəri COP29-un Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə 200-dək dövlətin yekdil qərarının həlledici rol oynadığını söyləyib. Rektor çıxışı zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlərə də toxunub, külək və günəş enerjisindən səmərəli istifadə edildiyini vurğulayıb. Həmçinin yaşıl iqtisadiyyatın şaxələnməsi, iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində sistemli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.