Rəşad Rəsullu: İnanırıq ki, cüdoçularımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası yeni yaradılacaq performans direktoru və kişilərdən ibarət yığma komandanın baş məşqçisi vəzifələrinə iki xarici mütəxəssis cəlb edib. Performans direktoru vəzifəsinə niderlandlı Mark van der Ham, kişilərdən ibarət milli komandanın baş məşqçisi vəzifəsinə isə almaniyalı Rixard Trautman dəvət alıb. Seçim prosesi bir neçə ay ərzində aparılıb. İlk növbədə, cəlb etdiyimiz mütəxəssislərin, o cümlədən baş məşqçinin öz işlərində tətbiq etdikləri sistemli elmi yanaşmanı, eyni zamanda, idmançıların məşq prosesinə fərdi yanaşmasını nəzərə almışıq. Təxminən 20-25 mütəxəssislə ilkin dəyərləndirmə, həyata keçirilən müsahibələr nəticəsində cüdo aləmində kifayət qədər tanınmış mütəxəssislər olan bu iki nəfər üzərində qərar verdik. Azərbaycanın cüdo ənənələrini yaxşı bilən bu mütəxəssislər beynəlxalq yarışlarda mütəmadi olaraq görüşdükləri məşqçilər heyətini də yaxşı tanıyırlar. İnanırıq ki, Azərbaycan yığması beynəlxalq yarışlarda, xüsusən Paris Olimpiadasında ölkəmizi layiqincə təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu jurnalistlərə müsahibəsində deyib.
Baş katib bildirib ki, təkcə məşqçilər deyil, texniki tibbi heyət və dəstək məqsədilə cəlb ediləcək mütəxəssislərin fəaliyyəti də federasiya üçün xüsusi önəm kəsb edir. Federasiyanın icraiyyə komitəsinin qərarı ilə digər təyinatlar da baş verib. Elçin İsmayılov, Mövlud Mirəliyev, Zaur Babayevin böyüklərdən, Elxan Məmmədov, Elxan Rəcəbli, Rüstəm Alimlinin gənclərdən ibarət məşqçilər heyətinə cəlb olunublar. Bu günlərdə gənclərdən ibarət Azərbaycan birinciliyinin başa çatdığını və nəticəyə əsasən gənclərdən ibarət millinin heyətinin müəyyənləşdirildiyini qeyd edən R.Rəsullu gənclərdən və böyüklərdən ibarət yığmalarımızın martın 6-dan Göygöldə iki həftəlik təlim-məşq toplanışı keçəcəyini vurğulayıb.