Rəsədxana əməkdaşlarının tədqiqatları beynəlxalq jurnallarda da yer alıb
Bakı, 22 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi və Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə tədqiqatlar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş iclasında məlumat verilib.
Qeyd olunub ki, kosmik plazmada turbulensiya mexanizmi təkmilləşdirilib, T Buğa tipli ulduzların yeni alt sinfi müəyyən edilib, komet parıltılarında kəskin dəyişmələrin səbəbi aydınlaşdırılıb, nəzəri kosmologiya sahəsində yeni ideya irəli sürülüb.
Çox zəif parlaqlıqlı obyektlərin fotometrik müşahidələrini aparmaq üçün ŞAR-ın daxili imkanları əsasında yeni BVR fotometri hazırlanıb. Fotometrdə 2 m teleskopla tranziyent obyektlərin, barsterlərin, kvazar və qalaktikaların və s. müşahidəsini etmək mümkündür.
İl ərzində rəsədxana əməkdaşları tərəfindən 44 məqalə çap edilib ki, onlardan 7-si “Veb of Science” və “Scopus”, biri “РИНЦ” bazasına daxil olan jurnallarda öz əksini tapıb.
Bu il Şamaxı Astrofizika Rəsədxanası ilə Çilinin Bernardo O Higgins Universiteti arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Hazırda Rəsədxanada Azərbaycanda nüvə astrofizikası və kosmologiyanın inkişafına dəstək məqsədilə qrup yaradılır, gənclərin Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN) göndərilməsi üçün təşkilatı işlər aparılır.