RƏŞİD BEHBUDOVUN ƏBƏDİYAŞAR SƏNƏTİNƏ HÖRMƏTİN İFADƏSİ
Ölməz sənətkarın qızı Rəşidə xanım tədbir iştirakçılarını salamladı, Xalq yazıçısı Anar, xalq artisti Lütfiyar İmanov və respublikamızın digər tanınmış elm, incəsənət, mədəniyyət xadimləri, xaricdəki diaspoumuzun təmsilçiləri Rəşid Behbudov sənəti və şəxsiyyəti haqqında danışdılar, bu nəşr və albom barədə fikirlərini bildirdilər, 5 ildən bəri keçmiş Azərbaycan həqiqətlərinin MDB məkanında yayılmasında dəyərli işlər görən jurnalın yaradıcı kollektivinə razılıqlarını ifadə etdilər.
Tədbir boyu müğənnilərin ifa etdikləri mahnılar məclisə xoş ovqat bəxş etdi, Rəşid Behbudov sənətinə yüksək ehtiramın ifadəsinə çevrildi.
Qeyd edək ki, rəngli fotoşəkillərlə, yüksək bədii tərtibatla nəşr edilmiş jurnal ümummilli lider Heydər Əliyevin Rəşid Behbudovun 2001-ci ilin oktyabrın 13-də keçirilən xatirə gecəsindəki çıxışı ilə açılır. Jurnalda dünya şöhrətli bəstəkar, müğənni, musiqişünas, siyasi, ictimai xadimlərin Rəşid Behbudovla bağlı xatirələri, sənəti barədə fikirləri, məqalələri toplanmışdır. Bu məqalələr həm də Odlar yurdumuzun zəngin mədəniyyəti barədə dolğun təəssürat yaradır, müğənninin rus və Azərbaycan dillərində məharətlə ifa etdiyi “Qarabağlı oğlan” və digər mahnıları bir daha Qarabağın Azərbaycanın ayrılmaz parçası, musiqi beşiyi olduğunu sübut edir.
Nəşrin baş redaktoru Musa Mərcanlı jurnalın bu və Qarabağın tarixinə həsr edilmiş əvvəlki buraxılışına Rusiya və digər ölkələrdə olan böyük maraqdan faktlarla danışaraq, növbəti sayın Azərbaycan muğam sənətinə həsr ediləcəyini bildirdi.