Respublika Gənclər Kitabxanasında dəyirmi masa keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktor müavini Xalidə Musayeva tədbiri ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” sözləri ilə açıq elan edib.
Bildirib ki, başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirən təfəkkürü nitqlə eyniləşdirmək və bir-birindən ayırmaq olmaz. Həmçinin mütaliənin də insan həyatında böyük rolu, insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbat olması haqqında məlumat verilib.
Bakı İslam Universitetinin kafedra müdiri, Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri Elvin Talışinski mütaliənin önəmli amillərdən biri olması, müasir gəncliyin Azərbaycan elmini inkişaf etdirmələri mövzusunda çıxış edib. Həmçinin gənclərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğu vurğulanıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Rasim Nəbioğlu insanın mənəvi gözəlliyi sayılan nitq mədəniyyəti, təfəkkürün nitqdə öz təzahürünü tapması mövzusunda çıxış edib.
Çıxış edən digər natiqlər təfəkkürün insanda necə formalaşması, insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edən təfəkkür modeli barədə danışıblar.
Tədbir çərçivəsində maraq doğuran suallar cavablandırılıb.