RESPUBLİKA GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ SƏDRİ ƏŞRƏF ABDULLAYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar! Hörmətli sədarət! Bu gün sözün əsl mənasında həyəcansız danışmaq mümkün deyildir. Bu məclisdə “Yeni Azərbaycan naminə” ictimai hərəkatın təsis yığıncağında iştirak edən bütün insanlar Azərbaycanın ən yeni tarixində yeni bir tarixi hadisənin yaradıcılarıdır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Bugünkü məclisin böyüklüyü, əzəməti, möhtəşəmliyi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük və nüfuzlu qeyri-hökumət təşkilatları bir ideya, amal ətrafında birləşərək bu məclisə toplaşmışlar. Mən bütün bu işin təşəbbüskarlarına, təşkilatçılarına, tanınmış ziyalılara bizi belə bir mühüm məsələ ətrafında bir yerə yığdıqlarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bizim hər birimiz bu gün bu hadisənin şahidləriyik. Sözsüz ki, bu hərəkat ölkəmizin Prezidenti, növbəti prezident seçkilərində prezidentliyə namizədimiz Heydər Əliyevi dəstəkləmək məqsədilə yaranır. Mən, sadəcə olaraq, gənclər təşkilatlarının nümayəndəsi, gəncləri təmsil edən bir insan kimi bildirirəm ki, Azərbaycan Prezidentinin son on ildə ölkəmizdə gənclər üçün gördüyü işlər, həyata keçirdiyi siyasət, gənclərimizə göstərdiyi diqqət və qayğı bizim hamımızın gözlərimiz qabağındadır. Çox sevindirici haldır ki, bu gün müxtəlif təbəqələri, bir sıra sahələri təmsil edən qeyri-hökumət təşkilatları bir araya gələrək ölkəmizin Prezidenti cənab Heydər Əliyevin prezdentliyə namizədliyini dəstəkləyirlər. Bu təqdirəlayiq və sevindirici haldır. Bizim qeyri-hökumət təşkilatları sivil cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğunda həmişə ön cərgələrdə gediblər. Mən onlara bundan sonra da ön cərgələrdə olmağı arzulayıram. Bizim hamımız bu işin əsgərləri olmalı, öndə getməliyik. Belə gözəl tədbirə görə mən bütün iştirakçılara, bu hərəkatın təşkilatçılarına bir daha minnətdarlığımı bildirir və çox sağ olun deyirəm.