RESPUBLİKA KULTUROLOGİYA SEMİNARI KEÇİRİLMİŞDİR
Azərbaycanda Atatürk Mərkəzində gerçəkləşən tədbiri “Simurq” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti akademik Maqsud Əliyev açaraq, seminarın əhəmiyyətli mövzuya həsr olunduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Azərbaycanda mədəniyyətin və kulturologiyanın inkişafına yönəlmiş hüquqyaradıcı fəaliyyət haqqında”, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun “Kulturologiya insanın həyat və fəaliyyəti haqqında elm kimi” mövzularında məruzələri dinlənilib müzakirə edilmiş, eyni zamanda, Milli Aviasiya Akademiyası kulturologiya kafedrasının müdiri, xalq şairi Nəriman Həsənzadənin “Kulturologiya” kitabının təqdimatı olmuşdur.
Sonra keçirilən “Dəyirmi masa”da professor Fuad Məmmədovun aparıcılığı ilə “Azərbaycanda kulturologiyanın inkişafı: dünən, bu gün və sabah” mövzusu ətrafında müzakirələr olmuşdur. Müzakirələrdə ekspert-kulturoloqlar, Milli Məclisin deputatları, yaradıcılıq birliklərinin və həmkarlar ittifaqlarının, bələdiyyələrin, beynəlxalq təşkilat və fondların nümayəndələri iştirak etmişlər.