ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini martın 16-da saat 17:30-dan etibarən elan edib.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1.245 namizəddən 33-ü imtahana gəlməyib, 1.000 nəfər birinci mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə isə 86 bal olub.
Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~6KskP